Müşfiq Cəfərov: Gəncənin idman sahəsində qazandığı uğurlar bu şəhərin beynəlxalq aləmdə tanıdılmasını zəruri edir


Müşfiq Cəfərov: Gəncənin idman sahəsində qazandığı uğurlar bu şəhərin beynəlxalq aləmdə tanıdılmasını zəruri edirİki il əvvəl Avropa Gənclər Paytaxtı, ötən il isə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı olan Gəncənin 2019-cu ildə daha bir beynəlxalq titulu - Avropa İdman Şəhəri adını qazanması üçün namizədliyi irəli sürülüb. Bununla əlaqədar “ACES Europe” təşkilatının nümayəndə heyəti Gəncəyə səfər edib, şəhərin mövcud idman infrastrukturu, eləcə də gələcəkdə bu sahənin inkişafı üçün görüləcək işlərlə maraqlanıb. Son illər Gəncədə həyata keçirilən çoxsaylı yerli və beynəlxalq layihələrin icrası zamanı qazanılan təcrübə, məhəllələr arasında yaradılmış sadə idman qurğuları, könüllülük fəaliyyəti, şəhər büdcəsindən idmana ayrılan vəsaitin ildən-ilə artımı, eləcə də gələcəkdə idmanın inkişafı üçün görüləcək işlər nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilib.

Bu gün Gəncənin idman ictimaiyyəti və KİV nümayəndələri ilə görüşən nümayəndə heyətinin üzvləri, o cümlədən təşkilatın baş katibi Huqo Alonso, Gəncənin Avropa İdman Şəhəri titulunu qazanması üçün şansının yüksək olduğunu deyib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Avropa İdman Şəhəri titulunun qazanılması üçün bu vaxta qədər görülmüş işlər və bundan sonra həyata keçiriləcək layihələr haqqında AZƏRTAC-ın bölgə müxbirinin suallarını cavablandırıb.

-Müşfiq müəllim, Gəncənin bu titulu əldə etməsi üçün müraciətin ünvanlanması hansı zərurətdən irəli gəlib?

- Əlverişli təbii-coğrafi şərait, qədim tarixə varislik, zəngin mədəniyyət və son illərdə idman sahəsində qazanılan ardıcıl uğurlar bu şəhərin beynəlxalq aləmdə tanıdılmasını zəruri edir. Dörd minillik yaşı olan Gəncə həm də gənclik şəhəridir. Bu cür beynəlxalq layihələr şəhər gəncləri tərəfindən sevinclə qarşılanır. Onlar belə layihələrin icrasında könüllü olaraq yaxından iştirak edir və ümumi işə öz töhfələrini verirlər. 2009-cu ilin statistikasına görə, şəhər əhalisinin sayı 332 min 569 nəfər təşkil edib. Hazırda şəhər əhalisinin 60 mindən çoxu bədən tərbiyəsi və idmanla məşğul olur.

- Avropa İdman Şəhəri tituluna yiyələnmək Gəncəyə hansı üstünlükləri qazandıra bilər?

- Bu layihə ilə Gəncə şəhəri ölkənin və Avropanın diqqətini özünə cəlb edəcək. Layihənin icrası müddətində şəhərin idman infrastrukturu genişləndiriləcək və təkmilləşdiriləcək. İdman sahəsində müxtəlif beynəlxalq təşkilatlarla və şəhərlərlə əməkdaşlıq imkanı yaranacaq.

- Bəs, gələcəkdə idmanın inkişafı üçün şəhərdə hansı işlərin görülməsi nəzərdə tutulub?

- Şəhərdə idman təşkilatları, idman klubları, federasiyalar və ictimai təşkilatların da daxil olduğu birgə koalisiya yaradılıb. Bu təşkilatlar birgə fəaliyyət göstərərək, Avropa İdman Şəhəri layihəsi çərçivəsində əsas əlaqələndirici rolunu oynayacaqlar. Hazırda şəhərdə idmanın gələcək inkişaf planı hazırlanır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən şəhərdə İdman Sarayı inşa olunacaq. Olimpiya İdman Kompleksinin təmiri, Respublika Təhsil İdman Mərkəzinin 1 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yenidən qurulması planlaşdırılır. 2 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin nəzdində fəaliyyət göstərəcək Şahmat Məktəbi isə artıq istifadəyə verilib. Hazırda “Kəpəz” stadionunda iki köməkçi meydança yaradılır. Bu yeni infrastrukturla şəhərin beynəlxalq yarışları yüksək səviyyədə təşkil etmə imkanı da yüksələcək.

İnsanların asudə vaxtlarının səmərəli təşkil edilməsi və sağlamlığının qorunub saxlanılması üçün məhəllələrarası mini futbol meydançaları, parklarda idman qurğuları quraşdırılıb.

2015-2017-ci illərdə şəhərin idman qurğularının saxlanılmasına, ümumilikdə, 14 milyona yaxın, tikintisinə isə 2 milyondan çox vəsait xərclənib. Növbəti illərdə müasir tipli yeni idman qurğularının inşasına daha böyük məbləğdə investisiya qoyulması nəzərdə tutulur.

- Gəncədə idman hansı səviyyədə inkişaf edib?

- Hazırda şəhər əhalisinin 60 mindən çoxu bədən tərbiyəsi və idmanla məşğul olur. Şəhərdə 260-dan çox sadə idman meydançası və idman qurğuları var. Ən çox yayılan idman növləri isə futbol, futzal, sərbəst güləş, yunan-Roma güləşi, şahmat, dama, aikido, karate, voleybol, qol güləşi, ağır atletika, badminton, basketbol, bodibildinq, boks, bədii gimnasitika, ağırlıqqaldırma, cüdo, atletika, kikboksinq, nərd, poverliftinq, sambo, stolüstü tennis, taekvando, uşu sanda, üzgüçülük, həndbol, əlbəyaxa döyüş, ciu-çitsi və aşixara-karatedir.

Futbol üzrə ölkə çempionatında iştirak edən peşəkar “Kəpəz” futbol klubu, həvəskarlardan ibarət “Xəmsə” futbol klubu, ölkə çempionatının birinci liqasında kişilərdən ibarət basketbol komandası, qızlardan ibarət voleybol komandası fəaliyyət göstərir. Fiziki məhdudiyyətli şəxslərin də idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb. Poverliftinq idman növü üzrə keçirilən dünya kuboku yarışında idmançılarımız 2-ci və 3-cü yeri tutub. Braziliyada keçirilən Paralimpiya Oyunlarında cüdo idman növündə idmançımız Ramil Qasımov qızıl medal qazanıb. Ramil, həmçinin XV Yay Paralimpiya Oyunlarının və IV İslam Həmrəylik Oyunlarının qızıl medalını əldə edib. Daha bir idmançımız Toğrul Əsgərov isə 2012-ci ildə London Olimpiadasının qızıl, 2016-cı ildə Rio-de Janeyro Olimpiadasının gümüş medalçısı olub.

- Bu layihənin icrasına könüllülər də cəlb ediləcəkmi?

- Bəli, könüllülər şəhərdə keçirilən bütün milli və beynəlxalq tədbirlərə cəlb edilir və tədbirlərin yüksək səviyyədə təşkili üçün onların köməyindən geniş istifadə olunur. Çünki könüllülük fəaliyyəti gənclərə ilk olaraq təcrübə, yeni dostlar və özünəinam qazandırır. Bu işin düzgün şəkildə qurulması üçün “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi prosesdə yaxından iştirak edəcək.

- Şəhərin namizədliyi dövründə təbliğatın aparılması üçün hansı işlər görüləcək?

- Gəncənin namizədliyi dövründə son məlumatların yerləşdirilməsi və təbliğat işinin gücləndirilməsi üçün “Ganja 2019 – European city of Sport” adlı facebook və instaqram səhifələri yaradılıb. Keçiriləcək idman tədbirləri yerli və ölkə mediası tərəfindən müntəzəm olaraq işıqlandırılacaq. Bütün tədbirlərin, yarışların işıqlandırılmasında yerli və ölkə televiziya kanalları ilə əməkdaşlıq edilir. Şəhərin namizədlik və Avropa İdman Şəhəri dövründə (2018-2019-cu illərdə) şəhər icra hakimiyyəti kütləvi idman tədbirlərinin sayını çoxaltmaq məqsədilə yaşayış qəsəbələrində, parklarda, əhalinin sıx yaşadığı məntəqələrdə sadə və müasir idman qurğularının sayını artıracaq. İnşa edilmiş idman qurğularında kütləvi idman tədbirlərinin sayı və kütləviliyi artırılacaq, bununla tədbirlərə daha çox iştirakçı cəlb ediləcək. Artıq bütün idman növləri üzrə məşqçi-müəllimlərə və idman hakimlərinə federasiyalar tərəfindən müntəzəm olaraq seminar-məşğələlər keçirilməsinə başlanılıb. Bir sözlə, biz Gəncənin 2019-cu ildə Avropa İdman Şəhəri titulunu qazanması üçün bundan sonra da böyük səylə çalışacağıq.